“Zəfərin şahidləri” Naxçıvan şəhər 13 və 14 nömrəli tam orta məktəblərdə

44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 5-ci ildönümü ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq Naxçıvan Muxtar Respublikasında “Zəfərin şahidləri” layihəsinin icrası davam etdirilir. Layihə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, həmçinin Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Layihə çərçivəsində Naxçıvan şəhər 13 və 14 nömrəli tam orta məktəblərin şagirdləri ilə görüş təşkil olunub. Tədbir iştirakçıları əvvəlcə 44 günlük Vətən müharibəsində canlarını Vətən uğrunda fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən təşkilatçı qurumların nümayəndələri “Zəfərin şahidləri” layihəsinin məqsəd və əhəmiyyəti barədə məlumat verib, Vətən müharibəsində qazanılmış tarixi Qələbənin gənclərin vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynadığını qeyd ediblər.
Daha sonra Vətən müharibəsi iştirakçıları — mayor Şamxal İmanlı, kapitanlar Əkrəm Abbasov, Camal Məmmədov və Səbuhi Əsgərov döyüş xatirələrini bölüşərək, Ordumuzun yüksək döyüş hazırlığı, hərbçilərimizin qəhrəmanlığı və şəhidlərimizin şücaətindən danışıblar. Qazilər şagirdlərin suallarını cavablandırıblar.
Tədbirdə həmçinin şəhid Vəli Quliyevin anası Həqiqət Quliyeva və şəhid Ümid Məmmədovun anası Telli Məmmədova da iştirak edərək, övladlarının Vətən sevgisindən, mübarizə yolundan və qəhrəmanlıqlarından danışıblar.